[center]

[/center]
QHT sədir Elçin Quliyev SOCAR-ın alt qurumlarından birində vəzifə tutduğu üçün layihələrin icrası prosesində ümumiyyətlə iştirak etmir
Geridə qoyduğumuz ildə QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyevanın rəfiqələrinə pay-püş etdiyi qrant hədiyyələri barədə geniş araşdırmalar təqdim etdik. Araşdırmalarımız hər-hansı şəxsi mülahizə və iddialara deyil, konkret faktlara əsaslanaraq oxucuların diqqətinə çatdırıldı.
Yeni ilin ilk iş günlərində də həmin araşdırmalardan növbəti birini sizlərlə bölüşmək qərarına gəldik…
Əvvəlki araşdırmalarımızda qeyd etdiyimiz kimi, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Binəqədi rayon İcra Hakimiyyətində və TƏBİB-də işləyərkən bir sıra şəxsi və ticarət əlaqələrini sonradan rəhbərlik etdiyi Agentliyə daşımışdır. Belə ki, həmin şəxslərdən kimsə QHT sədridirsə ona qrant, kimsə şirkət rəhbəridirsə ona tender vermişdir. Təbii ki, bunların əvəzsiz olduğuna inanmaq sadəlöhvlük olardı.
Lakin, Yenixeber.org-a daxil olan daha bir məlumata görə, Aygün Əliyevanın elə rəfiqə və həmkarları da var ki, onların özləri deyil, həyat yoldaşı və ya digər ailə üzvü QHT sədri kimi qrant hədiyyələrindən yararlanlar içərisindədir. Belə rəfiqələrdən biri də hazırda Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimovadır.
Kəmalə Həşimova rəfiqəsi Aygün Əliyevandan hərtərəfli yarıyıb. Belə ki, onun həyat yoldaşı Elçin Quliyevin rəhbəri olduğu QHT qrant hədiyyəsi ilə, qardaşı Arif Həşimov isə Aygün Əliyevanın sürücüsü vəzifəsi ilə mükafatlandırılıb.
Elçin Quliyevin sədri olduğu “Sağlam Həyatın Təbliği” İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyindən aldığ qrantlar:
2021-ci il - “Fərqliliyin fərqinə varmadan birgə yürüyək” layihəsi – 7000 manat,
2022-ci il - “Abad həyət, sağlam həyat” layihəsi – 9000 manat,
2023-cü il - “Xalq oyunları - sağlam gələcək” layihəsi – 8000 manat,
2025-ci il - “İnklüziv cəmiyyəti birgə quraq” layihəsi – 6000 manat.
Qeyd edilən layihələrlə bağlı sosial mediada xeyli axtarış aparsaq da, onların icrası barədə kiçik bir xəbərə belə rast gəlmədik(?)
O da məlum oldu ki, QHT sədir Elçin Quliyev SOCAR-ın alt qurumlarından birində vəzifə tutduğu üçün layihələrin icrası prosesində ümumiyyətlə iştirak etmir. Onun təşkilatına verilən qrantlar isə sadəcə hədiyyədir.
Aygün Əliyevə dövlət büdcəsi hesabına öz rəfiqələrinə, habelə müxtəlif vəzifəli şəxslərin ailə üzvlərinə qrant hədiyyəsi verməklə yanaşı, onların işsiz yaxınlarının məşğuliyyətini də unutmayıb. Yuxarıda qeyd etdiyimiz kimi, Kəmalə Həşimovanın qardaşı Arif Həşimovu - QHT-lərə Dövlət Dəstəyi Agentliyində özünün sürücüsü vəzifəsinə götürüb. Bir ildən artıq işlədikdən sonra həmin şəxs başqa yerə keçirilib.
Bu gün ölkəmizdə korrupsiyaya qarşı ciddi mübarizə aparıldığı bir vaxtda QHT-lərə Dövlət Dəstəyi Agentliyinin toxunulmazlığı həmin qurumun əlahiddə hüquqlara malik olmasından xəbər verir. Əks halda bizim araşdırıb üzə çıxardığımız, habelə üzərində işlədiyimiz faktların hər biri ciddi sübut kimiaidiyyatı dövlət orqanları tərəfindən araşdırılmalı idi…
Lakin, göstərdiyimiz qanun pozuntularına göz yumulmasına baxmayaraq, “yenixeber.org” olaraq araşdırmalarımızı davam etdirəcəyik.
Qarşı tərəflərin cavab haqqını tanıyırıq.
Yenixeber.org