[center]
[/center]
Son günlər vəzifəsindən azad edilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sabiq sədri Saleh Məmmədovun ailə üzvləri ilə bağlı məlumatlar ictimai müzakirələrə səbəb olub.
Bizimesr.az bildirir ki, məsələ sabiq sədrin oğlu, 1997-ci il təvəllüdlü Sübhan Məmmədli ilə bağlıdır. Açıq mənbələrdə və Böyük Britaniyanın rəsmi şirkət reyestrində yer alan məlumatlara əsasən, Sübhan Məmmədli gənc yaşlarında Avropada biznes fəaliyyəti ilə məşğuldur.
Məlumatlara görə, o, 20 yaşında Avstriyada, 21 yaşında isə Böyük Britaniyada şirkət təsis edib. Britaniya Ədliyyə Nazirliyinin şirkətlər üzrə açıq reyestr sənədlərində qeyd olunur ki, 13 dekabr 2018-ci il tarixində Sübhan Məmmədli Londonda fəaliyyət göstərən SPLENTO LTD şirkətinin paylarını alaraq şirkətə şərik olub.
Qeyd edək ki, SPLENTO LTD 18 may 2015-ci ildən fotoqrafiya və vizual xidmətlər sahəsində fəaliyyət göstərir. Şirkətin hüquqi ünvanı Londonun mərkəzində - Air Street 20 ünvanında yerləşir. Bu ərazi paytaxtın prestijli və yüksək kommersiya dəyərinə malik biznes zonalarından biri hesab olunur.
21 yaşlı bir şəxsin bu miqyasda biznes paylarını hansı maliyyə imkanları hesabına əldə etməsi necə baş verib?
Açıq mənbələrdə Sübhan Məmmədlinin həmin dövrə qədər iri investisiya fəaliyyəti və ya uzunmüddətli beynəlxalq biznes təcrübəsi barədə geniş məlumat mövcud deyil. Bu isə müxtəlif sualların yaranmasına səbəb olur.
Qanunvericiliyə əsasən, dövlət vəzifəli şəxslərin və onların yaxın ailə üzvlərinin gəlir mənbələrinin şəffaflığı ictimai etimad baxımından xüsusi əhəmiyyət daşıyır. Xüsusilə xaricdə yaradılan şirkətlər və əldə olunan biznes aktivləri ilə bağlı məlumatların açıq və aydın izahı ictimai maraq doğuran məsələlər sırasındadır.
Onu da qeyd edək ki, Saleh Məmmədov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sabiq rəhbəri Rauf Vəliyevlə qudadır. Sübhan Məmmədli Rauf Vəliyevin qızı ilə ailə həyatı qurub.
Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Bizimesr.az