[center]
[/center]
Şərur rayonunda şəkər xəstələrinə ayrılan pulsuz dərman və ləvazimatların apteklərdə satışa çıxarıldığı bildirilir. Xəstələr isə haqqı olan dərmanları tələb edərkən alçaldıcı və kobud rəftarla üzləşdiklərini deyirlər.
Onlar xüsusilə rayondakı Ailə Sağlamlıq Mərkəzindən şikayətçidirlər.
Yerli sakin N. Seyidov “Gündəlik Naxçıvan”a deyir ki, ona pulsuz verilməli olan test çubuqlarını ödənişlə aptekdən almağa məcbur olur:
“Hər xəstəyə ildə pulsuz 300 ədəd test çubuğu verilməlidir. Getmişəm Ailə Sağlamlıq Mərkəzinə dərman və testləri almağa, qapı bağlıdır. Bir saat qapıda gözləmişəm, sonra açıblar. Deyirəm dərman və test çubuqlarını almağa gəlmişəm. Gətirib 50 ədəd çubuq veriblər. Deyirlər ki, altı aydan sonra gəlib 50 ədəd də götürərsən.
Tələb edirəm ki, 300 ədəd olmalıdır. Deyirlər yoxdur. Halbuki dövlət hesabına xəstələrə verilməli olan bu test çubuqları apteklərdə 1 ədədi 50 qəpikdən açıq şəkildə satılır. Haqqımı tələb edəndə məni təhqir etdilər.”
Digər şikayətçi Elsevər Məmmədov da mərkəzdəki kobud davranışdan şikayətçidir:
“Gedirsən, qapılar bağlı olur. Xəstə adam dərman almağa gəlir, məcbur qalıb qapı döyür. Bir azdan əsəbi halda çıxıb kobud danışırlar. Etiraz edəndə söyüş eşitmişəm. Mən dilənçi deyiləm, dövlətin ayırdığı dərmanı almağa gəlmişəm. Sual verəndə əsəbiləşirlər. Elə bil pay istəyirsən.
Halbuki mən qanunla mənə düşəni istəyirəm. Səni elə vəziyyətə salırlar ki, bir də gəlməyəsən. Soruşanda deyirlər, ‘get, hara istəyirsən şikayət et’. Sanki xəstəyə yox, düşmənə münasibət göstərirlər. Yeni nazir gələndə düşündük ki, vəziyyət düzələr. Amma vəziyyət daha da pisləşir. Şikayətlərə baxmırlar.”(Gündəlik Naxçıvan)