[center]

[/center]
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov vəzifədən azad olunandan sonra İcra Hakimiyyətində ilk böyük toplantı keçirilib.
Bu barədə İcra Hakimiyyəti məlumat yayıb.
Qurumda rayonun 2025-ci ilinin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan hesabat yığıncağı olub.
Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, icra başçısının müavini Zahid Xəlilov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 1-ci ərazi sektorunun müdiri Tağı Tağıyev, deputatlar Məlahət İbrahimqızı və Ziyad Səmədzadə, YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, RİH başçısının 1-ci müavini Gülarə Verdiyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri, bələdiyyə və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Hesabat tədbirini giriş nitqi ilə açan rayon icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Zahid Xəlilov 2025-ci ildə rayonun sosial-iqtisadi inkişafına dair hesabat məruzəsi ilə çıxış edib.
Qeyd edək ki, Prezident İlham Əliyevin 2025-ci il noyabrın 12-də imzaladığı sərəncamla Elxan İbrahimov Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, dekabrın 29-də isə vəzifəsindən azad olunub.
Daha sonra başçının səlahiyyətlərinin icrasının I müavin Gülarə Verdiyevaya keçdiyinə dair ona yaxın media və jurnalistlər tərəfindən məlumat yayılıb. İndi isə İcra Hakimiyyətinin məlumatında vəzifəni digər müavin Zahid Xəlilovun apardığı bildirilir.
Görünür, rayonda ‘taxt-tac oyunları’ hələ də davam etməkdədir. Nəsiminin yaradıcılığı ilə ifadə etsək, iki müavin arasında bir kresloya sığmayan mübarizə getdiyini təxmin etmək olar. İcra Hakimiyyətinin media məlumatında I müavin Gülarə Verdiyevanın adının ən sonda yazılması da yuxarıda qeyd etdiyimiz ‘taxt savaşı’nın bir hissəsi ola bilər.
//Nocomment.az