[center]
[/center]
Azərbaycanda turizm sahəsində fəaliyyət göstərən assosiasiyalar sektorda koordinasiya və dövlət–özəl əməkdaşlığının qurulmasında mühüm rol oynayır. Bu baxımdan turizm bazarında mövcud olan strukturların fəaliyyəti və onların dövlət qurumları ilə münasibətləri diqqət mərkəzindədir.
Hazırda turizm agentliklərini birləşdirən əsas qurumlardan biri Azərbaycan Turizm Agentlikləri Assosiasiyası(ATAA)dır. 170-dən artıq turizm şirkətini öz ətrafında birləşdirən Assosiasiya turizm sahəsində dövlətin mərkəzi icra hakimiyyəti olan Dövlət Turizm Agentliyi ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. ATAA-nın əsas məqsədi ölkə turizminin inkişafına töhfə vermək, üzv şirkətlərin hüquqlarını qorumaq, Azərbaycanı xarici bazarlarda turizm destinasiyası kimi tanıtmaq və ölkəyə turist axınını artırmaqdır.
Son illər Assosiasiya müxtəlif dövlət qurumları, beynəlxalq tərəfdaşlar, aviadaşıyıcılar və xarici təşkilatlarla çoxsaylı görüşlər keçirib. Bu görüşlər əsasən turizmin bərpası, yeni əməkdaşlıqların qurulması və bazarın genişləndirilməsi istiqamətində olub. Turizm sektorunda fəaliyyət göstərən şirkətlərin böyük əksəriyyəti ATAA-nı formalaşmış və qəbul olunan platforma kimi qiymətləndirir. Qurumun sədri Göydəniz Qəhrəmanovdur.
Bununla yanaşı son vaxtlar Azərbaycan Turizm Şirkətləri və Otelləri Assosiasiyası adlı yeni qurumun fəallaşması diqqət çəkir. Assosiasiyanın rəhbəri Nizaməddin Hüseynzadə mediada dövlətin turizm siyasəti və ölkədə turizmin mövcud durumu ilə bağlı açıqlamalar verir, eyni zamanda Türkiyə və digər ölkələrə səfərlər edərək turizm sahəsində əməkdaşlıqla bağlı görüşlər keçirdiyini bildirir.
Məhz bu məqamda turizm agentlikləri və otel sahibləri arasında narahatlıq yaranıb. Editor.az-a müraciət edən sahibkarlar qeyd edirlər ki, dövlətin dəstəklədiyi və uzun illərdir fəaliyyət göstərən ATAA-nın üzvləridirlər. Lakin son dövrlər Nizaməddin Hüseynzadə açıq formada himayə edilir və şirkətlər müxtəlif rəsmi və qeyri-rəsmi dairələr tərəfindən rəhbərlik etdiyi assosiasiyaya üzv olmağa təşviq edilirlər. Bu isə sektorda çaşqınlıq yaradır.
Şirkət təmsilçiləri bildirir ki, Nizaməddin Hüseynzadə turizm sektorunda iri biznez şəbəkəsinə sahibdir. İndi isə onun ümumi sektoru nəzarətə götürmək cəhdləri sağlam rəqabət mühiti üçün ciddi təhdid törədir.
Mütəxəssislər hesab edirlər ki, turizm kimi strateji sahədə paralel assosiasiyaların fəallaşması, səlahiyyət bölgüsünün aydın olmadığı şəraitdə bazarda qeyri-müəyyənlik yarada bilər. Bu cür vəziyyət həm şirkətlərin fəaliyyətinə, həm də dövlət–özəl sektor münasibətlərinə mənfi təsir göstərə bilər.
Sektor nümayəndələri yaranmış vəziyyətlə bağlı Fuad Nağıyevin rəhbərlik etdiyi Dövlət Turizm Agentliyindən məsələyə aydınlıq gətirilməsini və turizm sahəsində vahid mövqenin qorunmasını gözlədiklərini bildirirlər. Onların fikrincə, turizmin inkişafı üçün parçalanma deyil, koordinasiya və birlik daha effektiv nəticə verə bilər.
Editor.az məsələ ilə bağlı Dövlət Turizm Agentliyinin mövqeyini dərc etməyə çalışacaq.
//Mahir Ağa, Editor.az